EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
RƏCƏB AYININ FƏZİLƏTİ
Rəcəb, şaban və ramazan ayları çox fəzilətli aylardır. Hədislərdən belə əldə olunur ki, rəcəb ayı bu üç ay içərisində xüsusi üstünlüyə malikdir. Belə ki, rəcəb ayı "Allah ayı", şaban ayı "Peyğəmbər ayı", ramazan ayı isə "Ümmətin ayı" adlanmışdır. Rəcəb ayı "haram aylar"dan biridir və bu ayda İslam düşmənlərinə qarşı müharibəyə başlamaq və ya müharibəni davam etdirmək haramdır (əlbəttə, müdafiə xarakterli müharibə istisnadır). Bu aylarda (haram aylarda) cinayətlərin diyəsi daha ağır olur.
Bu aya Həzrət Peyğəmbərin (s) besəti, Əmirəl-möminin Əlinin (ə) mövludu, İmam Musa ibn Cəfərin (ə) şəhadəti və bir sıra başqa mühüm tarixi hadisələr təsadüf etmişdir. Bu səbəbdən də rəcəb ayı xatirələrlə dolu bir aydır.
Rəcəb ayında – hətta ayın bir gününü - oruc tutmağın böyük savabları barədə nəql olunmuş saysız hədislərdən aydın olur ki, bu ay ibadət və özünüislah ayıdır. Bu hədislərdən bir neçəsini diqqətinizə çatdırırıq:
1. İmam Sadiq (ə) Peyğəmbərdən (s) belə nəql edir: Rəcəb ayı insanlar üçün bağışlanma istəmək ayıdır. Bu ayda digər aylara nisbətən daha çox bağışlanma istəmək lazımdır, çünki Allah bağışlayandır və mərhəmətlidir. Bu ay "şəhrul-əsəbb"-dır, çünki bu ayda Allahın rəhməti ümmətin üzərinə yağır. Beləliklə, bu ay ərzində bu duanı çoxlu təkrarlayın:
اَسْتَغْفِرُ اللهَ وَ اَسْاَلُهُ التَّوْبَةَ۔
<font color="000000"><b>Allahdan bağışlanma diləyir və tövbəmi qəbul etməyini istəyirəm.</b></font>
2. Şeyx Səduq mötəbər sənədlə nəql edir ki, İmam Sadiqin (ə) səhabələrindən biri rəcəb ayının axırlarında o həzrətin yanına gəldi. İmam Sadiq (ə) onu gördükdə buyurdu: "Bu ay oruc tutdunmu?" Həmin şəxs: "Xeyr" – deyə ərz etdi. İmam (ə) buyurdu: "Sən elə böyük bir savabı əldən vermisən ki, onu ancaq Allah bilir. Allah bu ayı başqa aylardan üstün etdi və onun hörmətini saxlamağı böyük hesab etdi. Bu ayda tutulan oruclar üçün böyük savablar qərar verdi." Həmin səhabə ərz etdi: "Əgər ayın qalan günlərini oruc tutsam, bu savabların bir qismini əldə edə bilərəmmi?" İmam (ə): "Bəli" - deyə buyurdu. Sonra İmam Sadiq (ə) rəcəb ayının axırıncı gününü, yaxud axırıncı iki və ya üç gününü oruc tutan şəxsə verilən savabları bəyan etdi: o cümlədən, can verərkən insanda yaranan əzablı hallardan, qəbir əzabından və Siratda büdrəməkdən xilas olmaq, Qiyamətin çətinliklərindən və cəhənnəm odundan nicat tapmaq.
3. Başqa bir hədisdə buyurulur: "Rəcəb Cənnətdə olan çaylardan birinin adıdır. Bu çayın suyu süddən ağ və baldan şirindir. Hər kim rəcəb ayında bir gün oruc tutsa, həmin çayın suyundan içəcəkdir."
4. Başqa bir hədisdə Həzrət Rəsulallah (s) buyurur: "Hər kim bu ayda bir gün oruc tutsa, Allahın böyük razılığını qazanar, Allahın qəzəbi ondan uzaq olar və cəhənnəmin qapıları onun üzünə bağlanar."
5. Rəcəb ayında, həmçinin digər "haram aylar"da ardıcıl olaraq üç gün - cümə axşamı günü, cümə günü və şənbə günü oruc tutan şəxsə böyük savab verilər.
Həzrət Rəsulallah (s) başqa bir hədisdə belə buyurur: "Hər kim bu ayda oruc tuta bilməsə, hər gün yüz dəfə bu zikrləri desin, ta həmin günün orucunun savabını əldə etsin:
سُبْحَانَ الْاِلٰهِ الْجَلِيْلِ
<font color="000000"><b>Cəlalətli Məbud pak və münəzzəhdir. Pak və münəzzəhdir o kəs ki, Ondan qeyrisi təsbihə layiq deyil. İzzətli və kərim Allah pak və münəzzəhdir. Pak və münəzzəhdir o kəs ki, izzət Onun əbasıdır və O, buna layiqdir.</b></font>
سُبْحَانَ مَنْ لَا يَنْبَغِيْ التَّسْبِيْحُ اِلَّا لَهُ
سُبْحَانَ الْاَعَزِّ الْاَكْرَمِ
سُبْحَانَ مَنْ لَبِسَ الْعِزَّ وَ هُوَ لَهُ اَهْلٌ۔
Yuxarıda qeyd olunan hədislərdən və ümumiyyətlə, bu barədə hədis qaynaqlarında nəql olunan hədislərdən aydın başa düşülür ki, rəcəb ayı özünüislah ayı olub Allaha tərəf hərəkətin yeni bir dönəminin başlanmasıdır: rəcəb ayında başlanan və mübarək ramazan ayına qovuşan özünüislah cəhdi. Xoş o kəslərin halına ki, bu üç ayın – rəcəb, şaban və ramazan aylarının qədir-qiymətini bilib onlardan layiqincə bəhrələnə bilirlər.