ŞABAN AYININ ON BEŞİNCİ GÜNÜ
Bu gün İmam Zaman (ə.f) ağanın səadətli mövlud günüdür. Tövsiyə olunur ki, şiələr şaban ayının on beşinci gecəsi və gününü məclislər təşkil edərək bu günün əzəməti, İmam Zamanın (ə.f) varlığı və onun yolunu gözləməyin (intizarın) şərtləri, ağanın tez zühur etməsi üçün dua etməyin zəruriliyi, düşmənlərin və nadanların iradlarının əsassızlığı barədə söhbətlər aparsınlar. Eyni zamanda bu məclislərdə şəriətə zidd işlərdən çəkinsinlər, ibadətlərini günaha bulaşdırmasınlar. Əlbəttə, bu gün İmam Zamanı (ə.f) "Ziyarətlər" bölümündə qeyd olunan ziyarətlərlə ziyarət etmək də tövsiyə olunur.
ŞABAN AYININ SON GÜNLƏRİNİN ƏMƏLLƏRİ
1) Hədislərin birində İmam Sadiq (ə) buyurur ki, hər kim şaban ayının axırıncı üç gününü oruc tutsa və orucunu mübarək ramazan ayına birləşdirsə, Mütəal Allah ona ardıcıl iki ayın orucunun savabını yazar.
2) Əba Səlt Hərəvi deyir: "Şaban ayının axırıncı cümə günü İmam Rzanın (ə) yanına getdim. O həzrət buyurdu: "Ey Əba Səlt, şaban ayının böyük hissəsi keçib və bu gün ayın axırıncı cüməsidir. Elə isə, ötən səhlənkarlıqların əvəzini ayın qalan hissəsində ödə və sənə faydalı olan işlərə üz tut: çoxlu dua et, bağışlanma dilə, çoxlu Quran oxu, günahların üçün tövbə et. Ramazan ayı daxil olanadək özünü Allah üçün xalis et, boynunda olan borcu və əmanəti qaytar, kimlərəsə ürəyində bəslədiyin kini ürəyindən çıxart, işlətdiyin günahları tərk et, Allahdan qorx, gizli və aşkar işlərində Allaha təvəkkül et, çünki hər kim Allaha təvəkkül etsə, Allah onun işlərinə kifayət edər. Bu ayın qalan günlərində bu duanı oxu:
اَللّٰهُمَّ اِنْ لَمْ تَكُنْ غَفَرْتَ لَنَا فِيْمَا مَضٰى مِنْ شَعْبَانَ
Ey Allahım, əgər məni şaban ayının ötüb keçən günlərində bağışlamamısansa, onun qalan günlərində məni bağışla.
فَاغْفِرْ لَنَا فِيْمَا بَقِيَ مِنْهُ